İctimai fəalın 30 sutka həbs edildiyi bildirilir

Anar Abdulla

İctimai fəal Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, fəal iyulun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Onların vurğulamasına görə, A.Abdulla məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Bütün bu deyilənlərə Binəqədi rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

A.Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli ilə birlikdə cinayət işinə cəlb olunub. O, qaçaqmalçılıq da daxil olmaqla səkkiz maliyyə cinayəti əməlində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Xatırlatma

SMDT rəhbəri A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi iradəsinə görə insanların təqib olunmadığını bildirir və siyasi məhbusların olmasını qəbul etmir.