Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvilinin keçmiş yaxın müttəfiqi və Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili həbsxanada döyülüb. Məlumatı onun vəkili David Candieri AzadlıqRadiosunun gürcü xidmətinə təsdiqləyib.
Vəkilin sözlərinə görə, insident iyulun 11-də baş verib. "Giorgi kamerada tək qalır. Kamera videomüşahidə altındadır. Yanına girən şəxs əvvəlcədən aqressiv davranıb. Bu şəxs dava salaraq onu döyməyə başlayıb",- vəkil bildirib. Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin üzündə xəsarətlər, başında tikiş izləri olub, əli zədələnib.
Baçiaşvili açıq məktubunda bildirib ki, insidentdən əvvəl iyulun 8-də həbsxana rəisi onu yanına çağırıb və ondan bank hesabları, o cümlədən İvanişvilinin adına olan hesablar və kriptovalyuta barədə məlumat verməsini "məsləhət" görüb.
"Mən cavab verdim ki, mənim və ailəmin əmlakı təhdid altındaykən və bütün hüquqlarımın pozulduğu şəraitdə həbsdə olarkən, bu cür məlumat paylaşmağı məqsədəuyğun saymıram. Buna cavab olaraq David (türmə rəisi) mənə belə dedi: "Giorgi, sən şərt qoyacaq vəziyyətdə deyilsən. Bilirsən ki, türmədə müxtəlif insanlar var - həm "dəli", həm də "bir az dəli" olanlar", - fondun sabiq rəhbəri iddia edib.
O, məktubunda necə bir zorakılığa məruz qaldığını da təsvir edib.
Hadisədən sonra onu klinikaya aparsalar da, iyulun 12-də geri qaytararaq cəzaçəkmə müəssisəsinin tibbi korpusuna yerləşdiriblər. Baçiaşvilinin sözlərinə görə, vəkili ilə telefonla danışmağa yalnız aclıq aksiyası elan etdikdən sonra icazə verilib.
2023-cü ildə İvanişvilinin şikayəti əsasında Baçiaşvili barəsində 39.2 milyon dollar dəyərində kriptovalyutanın mənimsənilməsi ilə bağlı cinayət işi açılıb.
2025-ci il martın əvvəlində Baçiaşvilinin Gürcüstanı tərk etdiyi məlum olub. O, qiyabi olaraq 11 il azadlıqdan məhrum edilib və beynəlxalq axtarışa verilib. Mayda məhkəmə onu İvanişviliyə təxminən 9 min bitkoin (hazırkı dəyəri 850 milyon dollardan çox) ödəməyə məcbur edib. Mayın sonunda isə onun saxlanıldığı açıqlanıb. Baçiaşvilinin vəkilləri bildiriblər ki, o, "zorla Gürcüstana geri qaytarılıb" və ölkədə ona qarşı işgəncə tətbiq oluna bilər.
Saxlanmasından bir gün əvvəl "The Guardian" nəşrində yayımlanan müsahibəsində Baçiaşvili bildirib ki, onun öldürülməsi barədə göstəriş verilib.