2024-cü ilin dekabrında Rusiyanın Kursk vilayətində müstəntiqlər bu sərhəd regionunda bir korporasiyanın keçmiş rəsmisinin həbs olunduğunu elan etdilər. Bu, Rusiyanın nəqliyyat nazirinin vəzifədən kənarlaşdırılan gün güllə yarası ilə ölü tapılmasından yeddi ay əvvəl baş vermişdi. Roman Starovoytun meyiti Moskva ətrafında öz "Tesla"sının yanında aşkarlanıb.
Kurskda həbs olunmuş İqor Qrabin isə Kurskun Ukrayna ilə sərhədinin müdafiəsinə ayrılmış 19 milyard rubla yaxın (250 milyon dollar) büdcə vəsaitini düzgün xərcləməməkdə ittiham olunub.
Sərhəddə "əjdaha dişləri" adlanan, tankların qarşısını almaq, Kursku işğaldan qorumaq üçün nəzərdə tutulmuş bir metr hündürlükdə beton piramidalar qurulmuşdu. Ukrayna qüvvələri 2024-cü il avqustun 6-da Kursku işğal etməklə Kremli pərt vəziyyətdə qoydular: "əjdaha dişləri"nin yağış-qar nəticəsində korlandığı deyilirdi.
Qrabindən sonra şirkətin rəhbəri daxil olmaqla digər rəsmiləri də saxlandı, mənimsəmədə ittiham olundular. Onların subpodratçılardan rüşvət aldıqları iddia olundu. Kurskun qubernatoru Aleksey Smirnov 2024-cü ilin dekabrında istefa verdi, dörd ay sonra həbs olundu.
Amma iddia olunan mənimsəmə vaxtı Smirnov qubernator deyildi. Onda həmin vəzifəni R.Starovoyt tuturdu. O, 2024-cü ilin mayında Rusiyanın nəqliyyat naziri təyin edildi.
İyulun 7-də prezident Vladimir Putin onu vəzifədən çıxardı və bir neçə saat sonra meyiti tapıldı. Müstəntiqlər əsas versiyanın intihar olduğunu deyirlər.
Ölüb, ya öldürülüb? Nə vaxt?
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel yazır ki, Putin Rusiyasında dövlət vəsaitinin oğurlanması, yaxud mənimsənilməsi nadir hadisə deyil. Ekspertlər Putinin azı 25 illik hakimiyyəti dövründə korrupsiyanın dərinləşdiyini deyirlər.
Starovoytun ölümü Rusiyada siyasi elitanın diqqətini çəkib. Çoxları onun özünü öldürməsini fakt kimi qəbul etmir. Onun vəzifədən çıxarılanda sağ olub-olmadığı da müəyyən deyil.
2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalı başlayandan azı səkkiz enerji şirkəti rəsmisi naməlum şəraitdə ölüb.
Bu, Ukrayna müharibəsinin Rusiyada hakim siniflərdə – siyasətçi, təhlükəsizlik qurumları, ordu rəsmiləri, oliqarxlar arasında necə çaxnaşma yaratdığını göstərir. Bunu "Beynəlxalq Şəffaflıq Rusiya" təşkilatının keçmiş icraedici direktoru İlya Şumanov deyir.
"Starovoytun ölümünün tarixini, nə vaxt öldüyünü bilmirik. Putinin sərəncamı imzalamasından əvvəl olub? Vəzifədən çıxarılma haqda sərəncamdan əvvəl? Bu haqda o qədər sual var ki", – Şumanov deyib.
"Müharibə başlayandan elit sistemdə transformasiyanın əlamətləri var... İndi fərqli klanlar görürük. Müxtəlif qruplar öz oyunlarını oynamağa çalışırlar, bir-birləri ilə koordinasiya etmirlər, çünki bu, onlar üçün sağ qalma strategiyasıdır", – o əlavə edib.
Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko deyir ki, Starovoytun ölüm şəraiti "Rusiya hökumətinin yuxarı eşelonlarının böhranlı durumlarda necə qaranlıq işlədiyini bir daha üzə çıxarır".
"Heç kəs heç nə bilmir və məsuliyyəti götürmək istəmir", – Karneqi Rusiya Avrasiya Mərkəzinin eksperti olan Prokopenko təhlilində yazır.
"Qubernatorlar məktəbi"
Kursk vilayətinin müdafiəsi, özəlliklə də "əjdaha dişləri" haqda suallar hələ 2023-cü ilin sonunda yerli xəbərlərdə peyda olmağa başlayıb.
2019-cu ildən Kurskun qubernatoru olmuş Starovoyt ötən ilin mayında nazir təyin olunub. Bu onun yerli səviyyədə texnokrat kimi səriştəsinin tanınması idi.
Nəqliyyat naziri postunda Starovoyt magistral yollardan tutmuş, dəmiryollara qədər nəhəng federal bürokratiyaya nəzarət edirdi.
Onun həm də Putinin uşaqlıq dostu olan milyarder Arkadi Rotenberqlə uzun illərdən bəri münasibətləri vardı. Rotenberq və qardaşı sərvətini tikinti şirkətindən qazanıb, Bu şirkət 2014-cü il Soçi Olimpiadası vaxtı da daxil olmaqla nəhəng tikinti layihələri əldə edib.
Rusiyanın işğalı altında olan Krım yarımadası ilə Rusiyanı birləşdirən Kerç körpüsü də Rotenberq layihəsidir və Starovoyt ona da nəzarət edib. Rusiya mədəniyyətində belə əlaqələrə "krışa" deyirlər, yəni hansısa şəxs yaxud qurumun kimisə qoruması, ona dəstək olması anlamına gəlir.
Starovoyt Moskvaya köçəndən üç ay sonra Ukrayna qoşunları böyük maneə ilə üzləşmədən Kurska daxil oldular. Bu əməliyyat Ukrayna əsgərlərinin təzyiq altında olduğu yerlərdən Rusiya qüvvələrini cəlb edə bilməsə də, Ukraynanın cəsarətini nümayiş etdirdi.
Amma Kreml üçün utancverici hadisə idi: İkinci Dünya müharibəsindən bəri ilk dəfəydi ki, xarici qüvvələr Rusiya ərazisinə hücum edir, onu tuturdu. Ordu 11 minədək şimali koreyalı əsgərin köməyi ilə yeddi ay ərzində Ukrayna əsgərlərini çıxardı.
Qrabin ötən il dekabrın 9-da saxlandı. Ondan 11 gün sonra bosu Vladimir Lukin həbs edildi, ikisinə də mənimsəmə ittihamı verildi.
Vaxtilə Starovoytun müavini olmuş Smirnov 2025-ci ilin aprelində saxlanıb. "Kommersant" qəzeti və "112" "Telegram" kanalı onun Starovoyta qarşı ifadə verdiyini yazıb.
Kursk qalmaqalı ilə əlaqədar doqquz nəfər ya həbs olunub, ya da ittihamla üzləşib.
Keçmiş nəqliyyat naziri Roman Starovoytun cəsədi aparılır.
Zamanlama vacibdir
İyulun 7-də səhər 9:20-də Kreml elan etdi ki, Starovoyt nəqliyyat naziri postundan kənarlaşdırılıb.
Günorta 4 olmamış Rusiya təhlükəsizlik qurumlarına bağlı "Telegram" kanalları onun nəşinin tapıldığını, özünüöldürmə ehtimalının olduğunu yazdı.
16:20 radələrində İstintaq Komitəsi Starovoytun ölümünü təsdiqlədi. Onun Moskva yaxınlığındakı Odintsovoda parklama yerində şəxsi "Tesla" maşınında tapıldığını, əsas versiyanın da intihar olduğunu bildirdi.
Amma sonradan meyitin harada tapılmasına dair ziddiyyətli xəbərlər gəldi, maşındamı, parklama məkanına bitişik kolluqdamı. Hətta Starovoytun bir gün öncə ölməsi ehtimalı da səsləndi.
"Forbes Rusiya" yazdı ki, Starovoyt, ola bilsin, iyulun 5-i gecəsi ölüb. Bir tanınmış deputat onun bir müddət əvvəl öldüyünü dedi.
Gerçəkdirsə, bu, Kremlə problem yarada bilər: Putin Starovoytla bağlı sərəncam verəndə onun öldüyünü bilirdimi.
Kremlə yaxın siyasi təhlilçi Sergey Markov onun başqa məmurlara qarşı ifadə verməsini önləmək üçün öldürülməsi ehtimalını ortaya atıb.
Onun ölümünün kimə faydası oldu?
Bir çox rusiyalı inanır ki, Putin hakimiyyəti dövründə korrupsiya artıb. Korrupsiya ilə mübarizə aparan mərhum Aleksey Navalnı da bunu araşdırırdı.
Korrupsiyaya xüsusilə Kremldə olanların, Federal Təhlükəsizlik Xidmətinin dözümlü yanaşdığına dair geniş yayılmış fikir də var. Ta o vaxtadək ki bu korrupsiya Putinə, milli təhlükəsizliyə toxunur.
Şumanov deyir ki, Starovoytun ölümündə bu bir faktor ola bilər.
"Əgər sən Ukrayna qüvvələrinin Ana Rusiya torpaqlarına girməsinə görə məsuliyyət daşıyırsansa, deməli, Navalnıdan da qat-qat pis adamsan. Onun barəsində hansı cinayət işinin açıldığını belə bilmirik. Mənimsəmə yox, dövlətə xəyanət də ola bilərdi", – o bildirib.
"Onun ölümünün kimə faydası ola bilərdi?", - Şumanov sual edir.
"Baş verənlərin müasir Rusiya tarixində analoqu yoxdur. Bu, sistem daxilində nəyinsə tamamilə fərqli işləməyə başladığını açıq göstərir", – Rusiya siyasəti üzrə tanınmış ekspert Tatyana Stanovaya şərhində yazıb.
Yazı AzadlıqRadiosunun "Sistema" araşdırma bölməsi ilə birlikdə hazırlanıb.