Tramp Ukraynaya uzaqmənzilli silahlar verməyi planlaşdırmır

ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlama verir

ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyi planlaşdırmır, - bunu ABŞ prezidenti Donald Tramp Pitsburqa gedərkən jurnalistlərlə söhbətində deyib.

"Xeyr, biz bunu etməyəcəyik", – o bildirib.

Tramp həmçinin əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski "Moskvanı hədəf almamalıdır".

Bundan əvvəl "The Financial Times" yazırdı ki, Tramp telefon danışığı zamanı Zelenskidən Ukraynanın Moskva və Sankt-Peterburqu vura bilib-bilməyəcəyini soruşub. Qəzetin mənbələrinə görə, Zelenski "Şübhəsiz. Bizə silah versəniz, edə bilərik" cavabını verib. Ağ evdən daha sonra bildirilib ki, Amerika prezidenti bu cür hərəkətlərə çağırmayıb, "sadəcə sual verib".

Kallas: ABŞ yükü bölüşməlidir

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas deyir ki, ABŞ prezidenti Donald Tramp Avropanın Kiyev üçün Amerika silahları ala biləcəyini söylədikdən sonra Vaşinqton Ukraynaya silah tədarükünün "yükünü bölüşməlidir".

"Biz prezident Trampın Ukraynaya çox sayda silah tədarükü ilə bağlı açıqlamasını alqışlayırıq, hərçənd Birləşmiş Ştatların bu yükü bölüşməsini istərdik", - Kallas Brüsseldə Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündən sonra bildirib. "Silah söz verib, pulunu başqasının ödəyəcəyini söyləyirsinizsə, deməli, əslində silah vermirsiniz", - "France-Presse" Kallasın sözlərini sitat gətirir.

Donald Tramp

14 iyul

Tramp Rusiyaya Ukrayna ilə 'sövdələşmə' üçün 50 gün vaxt verib

50 gün ərzində Rusiya Ukraynadakı müharibənin başa çatması ilə bağlı razılaşmaya getməsə, Moskvaya, eləcə də ticarət tərəfdaşlarına qarşı "çox sərt" gömrük rüsumları tətbiq ediləcək.

"Bu gün burada olmağımızın səbəblərindən biri də Rusiyadan çox narazı olmağımdır. 50 gün ərzində razılığa gəlməsək, çox yüksək rüsumlar qoyacağıq. Ümidvaram ki, bunu etməyə məcbur olmayacağıq", - Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

Amerika prezidentinin sözlərinə görə, Konqresdən hələ keçməmiş qanun olmadan da 100 faizlik tariflər tətbiq edə bilər.

Tramp Konqresin Rusiyaya sanksiyalarla bağlı təşəbbüsünü dəstəklədiyini bildirib, lakin bunun lazım olub-olmayacağını hələ bilmir: "Mən buna həqiqətən ehtiyacımız olduğuna əmin deyiləm, lakin bunu etmələri, əlbəttə ki, yaxşıdır".

Sözügedən qanun layihəsini D.Trampın əsas müttəfiqlərindən biri, Cənubi Karolinadan respublikaçı senator Lindsi Qrem və Konnektikutdan olan demokrat Riçard Blümental hazırlayıb. Sənəddə təkcə Rusiyaya sanksiyalar deyil, həm də Rusiyadan neft, neft məhsulları, təbii qaz, uran və digər mallar alan ölkələrdən idxala 500 faizlik rüsum nəzərdə tutulur.

Tramp bir daha vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı saziş "çoxdan" bağlanmalı idi. "Hiss edirdim, bizim təxminən dörd dəfə razılaşmaq şansımız olub", - o əlavə edib.

Amerika prezidenti həmçinin ABŞ və NATO-nun avropalıların hesabına Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Bu tədarüklərin koordinasiyası ilə NATO və Birləşmiş Ştatların alyansdakı daimi nümayəndəsi məşğul olacaq: "Bu, bizim bağladığımız çox böyük sövdələşmədir. Söhbət Birləşmiş Ştatlardan alınacaq, NATO-ya veriləcək və sürətlə döyüş meydanına çatdırılacaq milyardlarla dollar dəyərində hərbi texnikadan gedir". Tramp ayrıca vurğulayıb ki, silahların xərclərini Amerika vergiödəyiciləri deyil, NATO üzvləri ödəyəcək.

Tramp Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü üzərində xüsusi dayanıb və onların "çox tez" çatdırılacağını bildirib. ABŞ prezidentinin dediyinə görə, 17-yə qədər belə sistem göndərilə bilər. Açıq məlumatlara görə, indiyədək Ukraynaya azı 7 "Patriot" qurğusu göndərilib.

Hələ apreldə Ukrayna heç bir şərt irəli sürmədən atəşkəsə razılaşıb, lakin Rusiya faktiki olaraq bu təklifi rədd edib. Əvəzində döyüşləri dayandırmadan danışıqlar aparmağı təklif edib. İstanbulda keçirilən danışıqların iki raundu atəşkəslə bağlı deyil, məhbusların və cəsədlərin mübadiləsinə dair razılaşmalarla nəticələnib. Yeni raundun nə vaxt keçiriləcəyi və, ümumiyyətlə, olub-olmayacağı məlum deyil.

Moskva atəşkəs və sülh üçün bir sıra şərtlərdə israr edir. Bu şərtlər arasında Ukrayna qoşunlarının Rusiyanın iddia etdiyi dörd vilayətdən çıxarılması da var.

Moskva Trampın son açıqlamalarını, həllik, şərh etməyib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.