Ukraynanın baş naziri istefa verib

Volodimir Zelenski və Denis Şmıqal

Ukraynanın baş naziri Denis Şmıqal istefa verib. O, müdafiə naziri postunu tutacaq.

D.Şmıqal 2020-ci ildən Ukrayna hökumətinə rəhbərlik edirdi.

Prezident Volodimir Zelenski yeni baş nazir postuna baş nazirin müavini Yuliya Sviridenkonun namizədliyini təklif edib. O, eyni zamanda, Şmıqalın müdafiə naziri postuna namizədliyini Ali Radaya təqdim edib.

"Denis Şmıqalın zəngin təcrübəsi Ukraynanın müdafiə naziri vəzifəsində mütləq faydalı olacaq. Məhz bu sahədə hazırda ölkənin maksimum resursları cəmlənib və çox böyük məsuliyyət var", - Zelenski bildirib.

Ukrayna mediasının yazdığına görə, müdafiə naziri Rustem Umerov, ehtimal ki, ölkənin ABŞ-dəki səfiri postunu tutacaq. Ancaq bu təyinat hələ rəsmi olaraq açıqlanmayıb.

İyulun 16-da Ali Radanın Şmıqalın istefasını qəbul edəcəyi, 17-də isə yeni baş nazir üçün səsvermə keçirəcəyi gözlənilir.

Yeni kabinetin vəzifələri

İyulun 15-də Sviridenko ilə görüşdə prezident Zelenski növbəti altı ay üçün yeni nazirlər kabineti qarşısında müəyyən vəzifələr qoyub. Onun sözlərinə görə, əsas prioritetlərdən biri Ukraynada xüsusilə pilotsuz uçuş aparatları sahəsində yerli silah istehsalının artırılmasıdır. Derequlyasiya aparmaq və ölkənin daxili iqtisadi potensialını azad etmək də əsas məqsədlər sırasındadır.

Ukrayna konstitusiyasına əsasən, ölkə prezident-parlament respublikasıdır və hökumət Ali Radada formalaşdırılmış çoxluq tərəfindən qurulur. Ali Radada əksəriyyət prezidentin tərəfdarlarından ibarət olduğu üçün, faktiki olaraq, hökumətə kadr təyinatlarını prezident Zelenski müəyyən edir.