Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 03:30

Rüfət Səfərov: '400 siyasi məhbusdan biri də mənəm'


Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru, yeddi aydan çoxdur həbsdə olan Rüfət Səfərov deyir ki, 400-ə yaxın siyasi məhbusun olduğu Azərbaycan kimi ölkədə onun da yeri həbsxanadır: "Azərbaycanda gənc xanım jurnalistlərimiz bugün həbsdədir. Dini inanclı kəsimin nümayəndələri, ictimai-siyasi fəallar da daxil, yüzlərlə insan şərlənərək həbs edilib. Belə bir qorxulu Azərbaycanda və boz mühitdə zərrə qədər vicdanı olan hüquq müdafiəçisi susmamalıdır".

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində R.Səfərovun işi üzrə məhkəmə istintaqı başlayıb. Öncə prokuror ittiham aktını açıqlayıb. Orada iddia olunur ki, R.Səfərov bu işdə zərərçəkən kimi tanıdılan Natiq İmamverdiyevi Novxanı qəsəbəsində altı sot torpaq satmaq adıyla aldadaraq onun 60 min manatını alıb. N.İmamverdiyev ya əmlakı, ya da pulunu almaqdan ötrü R.Səfərovun yaşadığı evin qarajına gəlib. İttihama görə, qarajda hüquq müdafiəçisi zərərçəkmişi döyüb, ona az ağır dərəcəli bədən xəsarəti yetirib. Bu üzdən, R.Səfərova 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittihamlar verilib. Həmin maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

R.Səfərov bildirib ki, ittihamda yazılanlar tamamilə uydurmadır: "İttihamda yazılanların onu oxuyan prokurora, siz hakimlərə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Bu qədər ağ yalan olmaz. Mən əzilmiş vətəndaşların hüquqlarını müdafiə etdiyimə görə bugün buradayam. Hazırda həbsdə olan 400-ə yaxın siyasi məhbusdan biri də mənəm".

Prokurorluqdakı müstəntiq vəzifəsindən könüllü imtina edib hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra davamlı basqı və təhdidlər altında olduğunu vurğulayan R.Səfərov bu haqda ətraflı danışaraq deyib ki, son doqquz ildə üç dəfə şərlənərək həbs olunub, hökumət təmsilçilərinin şər-böhtanına məruz qalıb.

Zərərçəkmiş qismində tanınan N.İmamverdiyevə gəlincə, R.Səfərov bildirib ki, onu ilk dəfə saxlanıldığı gün qarajda avtomobilindən düşəndə görüb. Həmin şəxs qarajda ona hücum edib: "O vaxta qədər mən onunla heç vaxt görüşməmişdim. Mənə 60 min manat pul verməsi barədə öz ifadəsindən başqa da heç bir sübut yoxdur. Nə bir yazışma, nə bir şahid, nə bir səs yazısı... Alqı-satqı olmadan, notarial müqavilə bağlanmadan kim-kimə 60 min manat pul verər? Hamısı başdan-ayağa yalandır".

Hüquq müdafiəçisi əlavə edib ki, həbsindən öncə N.İmamverdiyevlə aralarında bir neçə dəfə telefon danışığı olub. Onun sözlərinə görə, qarşı tərəf özü zəng edib və israr edib ki, atasına məxsus torpaq sahəsini ona satsınlar: "Görünür, bunu öyrədib zəng etdiriblər, görüşdürmək istəyirlərmiş. Bunu da bizim ailə necə tanıyıb. Atam təxminən 25 il öncə Novxanıda 11 sot torpaq sahəsi almışdı. 2024-cü ildə ehtiyac yarandı, valideynlərim onun bir hissəsini satmaq qərarına gəldi. Makler bir neçə alıcı tapmışdı, biri də bu olub. Valideynlərim gedib alqı-satqı edib, torpağın təxminən altı sotunu notarial qaydada buna satıblar".

R.Səfərovun sözlərinə görə, bir neçə ay ötəndən sonra N.İmamverdiyev zəng edib, onlardan torpağın qalan hissəsini də istəyib. Onlarsa satmaq niyyətində olmadıqlarını söyləyiblər: "Mən bu adamı görməmişəm, tanımıram. Mənim nömrəmi maklerdən alıb zəng etmişdi ki, "mənə satın qalan hissəni də". Görünür, məqsəd mənimlə görüşüb sübut yaratmaq idi".

R.Səfərovun məhkəməsi sentyabrın 8-də davam edəcək.

Xatırlatma

Hüquq müdafiəçisi R.Səfərov ötən il dekabrın 3-də saxlanılıb.

R.Səfərovun fikrincə, onu ABŞ Dövlət Departamenti tərəfindən 2024-cü ildə layiq görüldüyü "İlin hüquq müdafiəçisi" mükafatına görə cəzalandırırlar.

Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları odönəmki dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də söz açıb.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə həbs olunmadığını iddia edirlər.

XS
SM
MD
LG