Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 14:43

Vitali Şabuninin işi Ukraynada korrupsiyayla bağlı narahatlıq doğurur


Kiyevdə Korrupsiya ilə Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun binası yaxınlığında keçirilən aksiyada Vitali Şabunin üzünə "zelyonka" atılıb. 2018
Kiyevdə Korrupsiya ilə Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun binası yaxınlığında keçirilən aksiyada Vitali Şabunin üzünə "zelyonka" atılıb. 2018

Ukraynanın 59 qeyri-hökumət təşkilatı (QHT) korrupsiya ilə mübarizə fəalının geniş etirazlara səbəb olan istintaqı ilə bağlı prezident Volodimir Zelenskiyə birgə çağırış edib.

İyulun 15-də QHT-lər açıq məktub yayaraq Ukraynada korrupsiya ilə mübarizə sahəsində ən tanınmış fəallardan biri olan Vitali Şabuninin məhkəmə qarşısına çıxacağı gün prezidentə müraciət ediblər.

Ukrayna istintaq orqanlarının məlumatına görə, Şabunin ayda 1200 dollar məbləğində hərbi maaş aldığı halda, sistemli şəkildə hərbi xidmətdən yayınmaqda və hərbi nəqliyyat vasitəsindən qanunsuz istifadədə şübhəli bilinir.

"Bu prosessual hərəkətin heç bir halda onun peşə fəaliyyəti ilə bağlı olmadığını vurğulayırıq", - Ukraynanın istintaq orqanları bildirib. Lakin Ukraynanın korrupsiya ilə bağlı köklü problemlərinin həll edilməməsi, hesabatlılıq və şəffaflığın təşviqinə yönəlmiş səylərin güclü maraq qruplarının müqaviməti ilə üzləşməsi narahatlıq doğurur.

Şabuninin tərəfdarları, o cümlədən onun təmsil etdiyi Antikorrupsiya Mərkəzi (ACC) bildirib ki, onun hərbi hissədə olmamasının səbəbi rəsmi olaraq hökumətin antikorrupsiya qurumlarından birində fəaliyyət göstərmək üçün ezam olunmasıdır.

"İstintaqçının ittihamları tamamilə absurddur, çünki Vitali Korrupsiya ilə Mübarizə üzrə Milli Agentliyə (NACP) rəsmi əmrlə ezam olunub və hərbçi kimi onun bu əmri yerinə yetirməmək imkanı yox idi", - Antikorrupsiya Mərkəzi (ACC) bəyan edib.

Şabunin özü ona qarşı qaldırılan bu işi "prezident Volodimir Zelenskinin korrupsiyalaşmış avtoritarizminə gedən yolda bir addım" adlandırıb.

Məktubu imzalayan "Opora" vətəndaş hüquqları təşkilatının sədri Olqa Ayvazovska bildirib ki, şəffaflıq uğrunda apardığı mübarizə Şabuninə siyasi elitada çoxlu düşmən qazandırıb.

Şabunin ittihamlar üzrə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Tənqidçilər hesab edir ki, müstəntiqlər kiçik bir cinayətdə günahlandırılan bir şəxsi hədəf alarkən, böyük vəzifə sahibləri toxunulmaz qalır və bu da ikili standartların göstəricisidir.

Dövlət İstintaq Bürosu Vitali Şabuninin evində axtarış aparır.
Dövlət İstintaq Bürosu Vitali Şabuninin evində axtarış aparır.

"Növbəti təxribatları gözləyirik"

"Ukrainska Pravda" agentliyi Şabuninə qarşı aparılan işlə iyunun 23-də korrupsiya ittihamı ilə üzləşən baş nazir müavini Oleksiy Çernışovun vəziyyətini müqayisə edib. İstintaq orqanları bildirib ki, Çernışov dövlətə təxminən 350 min dollar zərər vurub.

"O, nəinki öz vəzifəsini itirmədi və ya işindən uzaqlaşdırılmadı, hətta Romada Ukraynanın yenidən qurulması üzrə beynəlxalq konfransın işində iştirak etdi", - "Ukrainska Pravda" yazıb.

Zelenskinin ofisi, hələlik, işlə bağlı ictimai açıqlama verməyib.

2022-ci ildə Rusiyanın genişmiqyaslı işğal müharibəsindən sonra Qərbin Ukraynaya əhəmiyyətli dərəcədə yardım göndərməsi fonunda korrupsiya ilə mübarizə aparanların hədəf alınması iddiaları Ukrayna hökuməti üçün son dərəcə həssas məsələdir.

İctimai rəy Zelenskinin müharibə dövrü liderliyini dəstəkləsə də, korrupsiya davam edir və son illərdə Müdafiə Nazirliyi, dövlət prokurorları və varlı iş adamlarını əhatə edən bir sıra qalmaqallar yaşanıb.

Bu məqamı vurğulayan sabiq deputat və hazırda orduda xidmət edən fəal Yeqor Firsov yazır ki, "baş verənlər açıq-aşkar siyasi təqibə bənzəyir, halbuki ukraynalılar demokratiya və azadlığı qorumaq üçün Rusiya ilə müharibə aparır".

Dörd gün əvvəl Şabuninin Kiyevdəki evində axtarış aparılıb. Axtarış zamanı istintaqçılar onun, həyat yoldaşının və iki uşağının telefon və planşetlərini müsadirə ediblər. Həmçinin, Şabuninin hərbi xidmət keçdiyi Xarkov yaxınlığındakı ünvanda da axtarış aparılıb. ACC axtarışların məhkəmə qərarı olmadan aparıldığını bildirib.

"Məqsəd sadədir - hökumətin korrupsiyasını ifşa etmək üçün fəaliyyətimizi sarsıtmaq. Ona görə də biz növbəti təxribatları gözləyirik", - Şabunin bildirib.

40-yaşlı Şabunin fəaliyyəti səbəbindən tez-tez sərt müqavimətlə üzləşib.

2020-ci ildə onun evi şübhəli yanğın hadisəsi nəticəsində yanıb. 2018-ci ildə isə Kiyevdə prokurorluq binasının qarşısında nümayişdə iştirak edərkən onun üzünə yaşıl antiseptik maddə atılıb və nəticədə ukraynalı fəal kimyəvi yanıq alıb.

XS
SM
MD
LG