Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 23:24

Paşinyan Sünik (Zəngəzur) yolu ilə bağlı ABŞ-dən təkliflər aldıqlarını təsdiqləyib


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş nazir Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan ilə Bakı arasında sülh sazişinin paraflanması ideyası iki ölkə arasında aparılan davamlı müzakirələrin bir hissəsidir.

"Bəli, bu ideya da masadadır. Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsinin mətni razılaşdırılıb və bu mətn üzrə danışıqlar başa çatıb. İlkin imzalanma (paraflama) müzakirə olunan variantlardan biridir, lakin bu, bəzi şərtlər daxilində real ola bilər, bəzi şərtlər daxilində daha az real ola bilər", - baş nazir Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı razılaşmanın paraflanmasının hansı tərəfin ideyası olduğunu və əgər razılaşdırılıbsa, sülh müqaviləsini niyə dərhal imzalamamasına aydınlıq gətirməyib.

O, Ermənistan ictimaiyyətini əmin edib ki, hökumət dövlət maraqlarının qorunmasına tam sadiq qalaraq, sülh sazişinin imzalanması istiqamətində irəliləmək üçün heç bir fürsəti əldən verməyəcək. "Eyni zamanda, biz başa düşməliyik ki, dünya dinamikdir. Biz hər hansı imkanları nəzərdən qaçırmamaq üçün çevik və diqqətli olmalıyıq", - o əlavə edib.

"ABŞ-dən təkliflər almışıq"

Son günlər Ermənistanın Sünik bölgəsindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yolun xarici şirkətə həvalə ediləcəyi ilə bağlı fikirlər səsləndirilib. Paşinyan bu məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, məsələ yolun mülkiyyətə verilməsi ilə bağlı deyil, onun idarə olunması və istismarı üçün investisiya cəlb edilməsi mexanizmlərinin yaradılmasındadır. Baş nazir qeyd edib ki, bu model artıq Ermənistanda mövcuddur – məsələn, "Zvartnots" hava limanı, su təchizatı sistemi dövlətə məxsus olaraq qalır, lakin onların idarəsi müxtəlif şirkətlərə həvalə olunub.

Paşinyan bildirib ki, qanunvericiliyə görə, bu tip müqavilələr "tikinti hüququ" əsasında həyata keçirilə bilər. Müqavilə müddəti başa çatdıqdan sonra həmin obyektlər və ya sərmayələr Ermənistan Respublikasının mülkiyyətində qalır və ya ona keçir.

Paşinyan qeyd edib ki, yolun idarəsi ilə bağlı müxtəlif ideyalar müzakirə olunur, lakin, hələlik, heç bir yekun razılaşma yoxdur.

Paşinyan Sünik yolu ilə bağlı ABŞ-dən təkliflər alınması ilə bağlı sualı da cavablandırıb.

"Bəli, ABŞ-dən təkliflər almışıq", - o deyib. Əlavə edib ki, Ermənistan təkcə ABŞ-dən deyil, digər dost ölkələrdən də müxtəlif təkliflər alıb və almaqda davam edir. Paşinyanın sözlərinə görə, bu təkliflər cəmiyyətə birbaşa və ya dolayı yolla müxtəlif kanallarla çatdırılır.

"Çox vacib bir məqam var – müzakirə olunan bütün məsələlər Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında aparılır", –N.Paşinyan vurğulayıb.

ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyulun 13-də Nyu-Yorkda jurnalistlərə bildirib ki, ABŞ Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək yolu 100 il müddətinə icarəyə götürmək təklifini edib.

Azərbaycan hökuməti Naxçıvanla quru əlaqəsini nəzərdə tutan, Ermənistanın Sünik ərazisindən keçməli olan yola "Zəngəzur dəhlizi" deyir. Ermənistan tərəfi isə bunu ərazi iddiası adlandırır.

Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb.

'Zəngəzurun 100 illik icarəsi...' - Bakı və Yerevan dəhlizin icarəsini Vaşinqtona verəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG