Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 03:49

Əbu-Dabi görüşünün nəticəsi... [Video]


N.Paşinyan və İ.Əliyev Əbu-Dabidə
N.Paşinyan və İ.Əliyev Əbu-Dabidə

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, sonra görüş təkbətək formatda davam edib.

+++

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, Əbu-Dabi görüşündə ikitərəfli danışıqların normallaşma prosesi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb: "Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər".

"Tərəflər həmçinin iki ölkə arasında etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər",- XİN-in açıqlamasında bildirilir.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) də eyniməzmunlu bəyanat yayıb.

Son illər tərəflər iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlar aparıblar. Həmin danışıqlar çərçivəsində Azərbaycanın işğal altında olan dörd kəndi qaytarılıb.

İki lider bundan əvvəl sonuncu dəfə bu il mayın 16-da Tiranada görüşmüşdülər. Bu görüş Albaniyada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında gerçəkləşmişdi.

Bu ilin martında Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətni barədə razılığa gəliblər. Lakin iki ölkə arasında yekun sülh razılaşması hələ imzalanmayıb.

Azərbaycan tərəfi bildirmişdi ki, onların sazişin imzalanmasından öncə bəzi şərtləri var. Azərbaycan hesab edir ki, Ermənistan konstitusiyasında onlara ərazi iddiaları var və bu aradan qaldırılmalıdır. Üstəlik, rəsmi Bakı hesab edir ki, uzun illər iki ölkə arasında sülh danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa həmsədrlik edirdi) buraxılmalıdır. Rəsmi Yerevan ATƏT-in Minski qrupu ilə bağlı şərti həll edilən sayır. Amma onlar hesab edirlər ki, konstitusiya məsələsi sülh sazişinin imzalanmasına maneə olmamalıdır. Ermənistanın bəzi rəsmilərinin vurğulamasına görə, Azərbaycan konstitusiyasında da onlara ərazi iddiaları var. Hərçənd rəsmi Bakı bunu qəti təkzib edir.

Ermənistan rəsmiləri bəyan etmişdilər ki, sülh sazişi imzalamağa hazırdırlar.

ABŞ Azərbaycanla Ermənistanı barışdıra biləcəkmi? – 'Ən əlverişli dövrdür'
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Rubio Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında potensial sülh sazişi ilə bağlı nikbinlik ifadə edərək bunun Vaşinqtonun dəstəyi ilə tezliklə əldə oluna biləcəyinə ümid etdiyini deyib.

İyulun 8-də Ağ evdə keçirilən hökumət kabinetinin iclasında danışan Marko Rubio son dövrlərdə baş verən bir sıra qlobal hadisələrə toxunaraq belə deyib: "NATO ilk dəfə olaraq hərbi xərcləri 5 faizə çatdırdı... Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi var, 12 günlük müharibə ABŞ-nin səyi ilə başa çatdı – bu, dünyada yalnız bizim edə biləcəyimiz bir şey idi. Ümid edirəm ki, tezliklə Azərbaycan və Ermənistan arasında da sülh sazişi imzalanacaq. Yaxın Şərq və onun infrastrukturunda isə indi dəyişiklik potensialı var – bu, Suriya və Livanla bağlıdır".

Rəsmi Bakı və Yerevan martın 13-də sülh sazişi üzrə işlərin başa çatdığını elan ediblər. Yerevan sazişi imzalamağa hazır olduğunu bəyan etsə də, rəsmi Bakı müəyyən şərtlər irəli sürüb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG