7 min 318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib.
AZƏRTAC-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma nəticəsində yaranan vakant dərs saatları hazırda fəaliyyət göstərən müəllimlər arasında bölüşdürülür və ya işə qəbul üzrə müsabiqələr üçün nəzərdə tutulur: "Bu yanaşma həm mövcud müəllimlərin əlavə dərs yükü ilə stimullaşdırılmasını, həm də yeni namizədlərə imkan yaradılmasını nəzərdə tutur".
Nazir əlavə edib ki, uğur qazanmayan müəllimlərin əvəzlənməsi dərs yükünə təsir göstərib.
80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib.
E.Əmrullayev onu da deyib ki, 2022–2025-ci illərdə 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu müddət ərzində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, habelə xarici dil müəllimləri üzrə birinci mərhələ başa çatıb.
Müəllimlərin orta aylıq əməkhaqqı 965 manatdır
Nazirin sözlərinə görə, müəllimlərin orta aylıq əməkhaqqı 965 manatdır. O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqı (sertifikatlaşdırmada 51 və yuxarı bal toplayanlar) 1320 manatdır: "Uğur qazananlar (30–50 bal aralığında nəticə göstərənlər) 1010 manat orta aylıq əməkhaqqı alırlar. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə orta aylıq 765 manat əməkhaqqı alır".
Xatırlatma
Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2022-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.
Ötən il sertifikatlaşdırma keçə bilməyən bəzi müəllimlər etiraz aksiyası da keçirmişdilər. İyunun 28-də onların bir hissəsi Bakıda Elm və Təhsil Nazirliyinin binası qarşısına toplaşaraq iddia etmişdilər ki, imtahanlar şəffaf keçirilmir, imtahan zamanı texniki problemlərlə qarşılaşıblar.
Həmin şəxslər yeni işlə təmin olunmalarını tələb edirdilər.