Rusiya dronları və raketləri Ukrayna şəhərlərinin üzərinə yağdığı bir vaxtda, Qərb rəsmiləri və investorları müharibədə olan bu ölkənin yenidən qurulmasını müzakirə etmək üçün iyulun 10-da İtaliyada toplaşıblar.
Elə həmin gün Rusiyanın hava zərbələri nəticəsində paytaxt Kiyevdə iki nəfər həlak olub, 25 nəfər isə yaralanıb, mülki infrastruktur ciddi zərər görüb. Təxminən 400 dronun iştirak etdiyi və, demək olar ki, 10 saat davam edən bu hücum müharibə başlayandan bəri Ukraynaya qarşı Rusiyanın həyata keçirdiyi ən genişmiqyaslı hava hücumlarından biri idi.
Bu hücumlardan bir neçə saat sonra Romada Ukraynanın Bərpası Konfransında çıxış edən prezident Volodimir Zelenski ölkəsinin genişmiqyaslı yenidənqurma proqramına ehtiyacı olduğunu deyib. O, bunu İkinci Dünya müharibəsindən sonra Avropanı bərpa etmək üçün ABŞ-nin təşəbbüsü olan Marşall Planına bənzədib.
"Ukraynanın yenidən qurulması təkcə bizim ölkəmizə aid deyil. Bu, həm də sizin ölkələriniz, şirkətləriniz, texnologiyalarınız, iş yerlərinizlə bağlıdır", - Zelenski vurğulayıb.
Rusiya bu il Ukraynaya qarşı hava bombardmanlarını gücləndirib. Bu da xarici investorların müharibədən əziyyət çəkən ölkədə yeni layihələrə investisiya qoymaq istəyini azaldıb.
ABŞ prezidenti Donald Tramp isə Rusiyanı atəşkəsə razılaşmağa məcbur etməyə çalışır. Keçən həftə Rusiya prezidenti Vladimir Putin və D.Tramp arasında fevraldan bəri altıncı telefon danışığı baş tutub. Putin telefon söhbəti zamanı deyib ki, o, Ukraynada məqsədlərinə çatmaq niyyətindədir.
Bu arada, iyulun 10-da ABŞ dövlət katibi Marko Rubio Malayziyada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Tərəflər Ukraynadakı müharibəni müzakirə edib. Rubio deyib ki, ABŞ Rusiyanın danışıqlarda çeviklik nümayiş etdirməməsindən məyusdur.
Romadakı konfransda çıxış edən Almaniya kansleri Fridrix Merts isə bildirib ki, Ukraynanın yenidən qurulması təxminən 500 milyard dollara başa gələcək. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının Qərbdə dondurulmuş aktivləri Ukraynaya yenidənqurma kreditlərini vermək üçün girov kimi istifadə olunmağa davam edəcək.
Almaniya Ukraynaya "Patriot" almağa hazırdır
Kansler Merts Almaniyanın ABŞ-dən "Patriot" hava hücumundan müdafiə sistemi almağa və onu Ukraynaya tədarük etməyə hazır olduğunu bildirib. Zelenski Ukrayna şəhərlərini Rusiya bombardmanlarından qorumaq üçün Qərbdən daha çox hava hücumundan müdafiə sistemləri və raketlər istəyir.
Britaniya rəsmiləri isə konfransdan bir gün əvvəl bildiriblər ki, London və Kiyev növbəti 20 il ərzində Ukraynaya minlərlə "Thales" hava hücumundan müdafiə raketlərinin tədarükü üçün müqavilə imzalayacaq.
ABŞ prezidenti Tramp isə bu həftənin əvvəlində Pentaqonun Ukraynaya "Patriot" raketləri və digər silahların çatdırılmasını dayandırmaq qərarını ləğv edib. Həmin silahların göndərilməsi keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən təsdiqlənmişdi.
Tramp bu qərarını izah edərkən bildirib ki, Rusiya Ukraynaya havadan ağır zərbələr endirir və Ukraynanın özünü müdafiə etməyə ehtiyacı var.
Romadakı konfransda çıxışında prezident Zelenski Moskvanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün Qərbi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Tramp bu il Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyib. Bu isə mövcud ixrac qadağalarını aşmaq üçün Moskvaya yeni ofşor şirkətlər yaratmağa imkan verib.
Tramp bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, o, amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən təqdim olunan yeni sanksiya qanun layihəsini araşdırır. Qanun layihəsi Rusiyanın bank sistemini hədəf almaqla yanaşı, Rusiyanın müharibə səylərini dəstəkləyən ölkələrə qarşı sanksiyalar və tariflərin tətbiqini nəzərdə tutur.
Yazı AzadlıqRadiosunun aparıcı müxbiri Todd Prins tərəfindən hazırlanıb.