Rusiya Ukraynadakı müharibə ilə məşğul olmağa davam etdikcə, onun cənub sərhədləri boyunca, xüsusilə Azərbaycan və Ermənistanda təsiri zəifləyir.
Analitiklər AzadlıqRadiosuna bildirib ki, bu boşluq regionda Türkiyə, Avropa İttifaqı və ABŞ kimi digər oyunçuların mövcudluğunu genişləndirməsi üçün fürsətlər yaradır.
İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabi şəhərində görüşərək potensial sülh sazişini müzakirə ediblər. Burada diqqətçəkən məqam isə Rusiya da daxil olmaqla, heç bir vasitəçinin olmamasıdır.
Bu görüşdə heç bir irəliləyiş əldə olunmasa da, birgə bəyanatda hər iki ölkənin ikitərəfli danışıqlara və etimad quruculuğu tədbirlərinin davam etdirilməsinə sadiqliyi təsdiqlənib.
Ancaq cəmi beş il əvvəl dinamika tamamilə fərqli idi.
2020-ci ildə iki ölkə arasında 44 gün davam edən və, əsasən, etnik ermənilərin yaşadığı, beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağ uğrunda gedən müharibədən sonra Rusiya prezidenti Vladimir Putin atəşkəsə vasitəçilik edib və bununla da Moskvanın regionda ənənəvi vasitəçi rolunu bir daha möhkəmləndirib.
"Ayna-Zerkalo" qəzetlərinin analitiki Rauf Mirqədirovun sözlərinə görə, həmin atəşkəs o vaxtdan bəri tarixi dəyişikliyə səbəb olub.
"İki ölkə - Qarabağla bağlı 30 ildən artıq davam edən münaqişədən sonra - indi bir-birinə daha da yaxınlaşıb və Rusiyadan uzaqlaşıblar", - o, AzadlıqRadiosuna deyib. "Hər iki ölkə Rusiyanın təsirindən azad olmaq istəyir və bu, onlar üçün fürsətdir, çünki hazırda Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb".
Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun analitiki Ruben Mehrabyan da razılaşıb ki, Yerevan mövcud vəziyyəti Moskvanın ölkə üzərindəki mövqeyini zəiflətmək şansı kimi qiymətləndirir. "Rusiya istəyirdi ki, Ermənistan daim münaqişə şəraitində olsun və bununla da bizi daim "xilas etməklə" ölkədə qeyri-müəyyən müddətə qalmasını əsaslandıra bilsin", - o bildirib. "Amma Ermənistan bu münaqişələri həll etmək və Rusiyanın ölkəmizdəki mövcudluğunu tamamilə aradan qaldırmaq istəyir. İndi Rusiya bundan narazıdır".
Artan gərginlik və ittihamlar
Bəzi analitiklər hesab edir ki, Yerevan və Moskva arasında əlaqələr 2016-cı ildə Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı qısamüddətli döyüşlər zamanı pisləşməyə başlayıb. Münaqişə Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs və Azərbaycanın bəzi ərazi qazancı ilə başa çatıb. Bu da Moskvanın ənənəvi müttəfiqi olan Ermənistana məhdud dəstəyinə görə Yerevanda Rusiya ilə bağlı məyusluğun artmasına səbəb olub.
Yerevanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin təsisçi direktoru Riçard Qiraqosyanın sözlərinə görə, həmin məqamı Ermənistanın Rusiyaya təhlükəsizlik tərəfdaşı kimi inamının itirilməsinin və əlaqələrin aşınmasının başlanğıcı hesab etmək olar. "Rusiyanın mövqeyi və siyasəti 2016-cı ildəki müharibədən başlayaraq Azərbaycana doğru dəyişməyə başladı", - o bildirib.
Münasibətlər 2020-ci ildə baş verən münaqişədən sonra - Bakının Qarabağ üzərində nəzarəti bərpa etməsi və Rusiyanın yenidən Yerevanı dəstəkləməməsi ilə daha da pisləşib.
Son hadisələr iki ölkə arasında əlaqələrin nə qədər gərginləşdiyini bir daha göstərib.
İyunun 17-də rus-erməni milyarder Samvel Karapetyan hakimiyyəti qanunsuz ələ keçirməyə çağırış ittihamı ilə Ermənistanda həbs edilib. Qiraqosyanın fikrincə, həbs "Ermənistan hökumətinin gələn il keçiriləcək parlament seçkilərinə Rusiyanın istənilən müdaxiləsinin qarşısını almaq üçün atdığı addımdır".
"Lakin, eyni zamanda, bu, daha çox Rusiyanın maraqlarına və Ermənistanın daxilindəki nüfuzuna qarşı yönəlib. Bu şəxs Moskvanın məhsuludur, onu Putin tərəfdarı kimi qəbul edirlər", - o əlavə edib.
Bir neçə gün sonra, iyunun 25-də Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin tanınmış din xadimi arxiyepiskop Baqrat Qalstanyanı hökuməti devirmək planında ittiham edərək həbs edib.
Rusiya bu həbslərə sərt reaksiya verib və xarici işlər naziri Sergey Lavrov Ermənistan hökumətini kilsəyə qarşı "əsassız" hücumlara son qoymağa çağırıb və kilsəni "erməni cəmiyyətinin əsas sütunlarından biri" kimi xarakterizə edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan buna cavab verərək Moskvanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.
Azərbaycan da Moskvadan uzaqlaşır
Dəyişikliklər təkcə Ermənistanla məhdudlaşmır. Bu yay Bakı ilə Moskva arasında münasibətlər də gərginləşib.
İyunun sonunda Azərbaycan prezidenti İlham Əliyev Rusiya tərəfi ilə yüksəksəviyyəli görüşləri dayandırıb, Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfərinə qadağa qoyub və Bakıda Rusiya mədəniyyət tədbirlərini ləğv edib.
Bu hərəkətlər Rusiyanın Yekaterinburq şəhərində polisin reydi zamanı işgəncə iddiaları fonunda iki etnik azərbaycanlının ölümündən sonra baş verib.
Rusiyanın Zəngəzur dilemması
Beş il əvvəl Rusiya regionda təsirini saxlamaq üçün başqa ambisiyalara sahib idi - xüsusilə hərbi mövcudluq vasitəsilə.
2020-ci ildə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs razılaşması regionda iqtisadi və nəqliyyat yollarının açılmasına çağırırdı. Həmçinin bu razılaşmada Ermənistanın Azərbaycan və onun Naxçıvan eksklavı arasında təhlükəsiz tranziti təmin etməsi qeyd olunurdu. Bu tranzit "Zəngəzur dəhlizi" adlanan marşrut üzrə həyata keçiriləcək və Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) bunun nəzarətini təmin edəcəkdi.
Karneqi Fondunun rusiyalı analitiki Kirill Krivoşeyev 2023-cü ildə AzadlıqRadiosunun Azərbaycan xidmətinə bildirib ki, "bəlkə də, "Zəngəzur dəhlizi" Rusiyanın regionda mövcudluğunu saxlamaq üçün yeganə əlverişli variantdır".
Lakin Ermənistan bu dəhlizə öz suverenliyinə təhlükə kimi baxır.
Danışıqlar davam etsə də, hər hansı yekun razılaşmada FSB nəzarətinin yer alıb-almayacağı bəlli deyil.
Martda Paşinyan deyib ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan-Azərbaycan sərhədində heç bir xarici qüvvə yerləşdirilməyəcək. AzadlıqRadiosunun "Exo Kavkaza" xidmətinin müxbiri Vadim Dubnovun sözlərinə görə, bu ideya azərbaycanlılar üçün də cəlbedici deyil.
"FSB qüvvələrinin yerləşdirilməsi Qarabağ münaqişəsi həll olunmamışdan əvvəl Azərbaycan üçün məna kəsb edə bilərdi. Ancaq indi Rusiyanın iştirakı olmadan, Ermənistanla birbaşa danışıqlar Bakı üçün daha faydalıdır", - o deyib.
Zəngəzur üzərində nəzarət həmçinin daha geniş geopolitik mənzərə ilə bağlıdır: "Orta dəhliz" adlanan marşrut Çinlə Avropanı birləşdirən və Rusiyadan yan keçən yoldur.
Analitik Mirqədirov deyib ki, Zəngəzur "Orta dəhliz"in bir hissəsidir: "Rusiya təkcə Zəngəzuru nəzarətdə saxlamaq istəmir, Moskva həmçinin Cənubi Qafqazdakı bütün quru və hava yollarına hökmranlıq etmək istəyir. Amma mən hesab edirəm ki, Türkiyə regional təhlükəsizlik səylərinə rəhbərlik etmək üçün yaxşı mövqedədir".
Yeni regional oyunçular
Analitiklər Rusiyanın regionda təsirinin zəifləməsi ilə razılaşsa da, etiraf edirlər ki, dərin iqtisadi və tarixi əlaqələr bir gecədə kəsilə bilməz.
Rusiyalı analitik Krivoşeyev 2023-cü ildə AzadlıqRadiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsindən sonra bu iqtisadi asılılıq da dəyişməyə başlayıb.
"Türkiyə Rusiya üçün əsas idxal tərəfdaşına çevrilib. Malların çoxu Türkiyə və Azərbaycan vasitəsilə daşınır. İstanbul boğazları həyati əhəmiyyət kəsb edir və Azərbaycan hazırda Rusiya qazı üçün vacib habdır. Biz neft və qazı Azərbaycana satırıq, sonra isə onu Avropaya satır. Bu qanunidir və sanksiyaları pozmur", - o qeyd edib.
Ceymstaun Fondunun baş tədqiqatçısı Pol Qobl Azərbaycanın artan əhəmiyyətini vurğulayıb.
"Əliyev, nəhayət, başa düşdü ki, Moskvanın Azərbaycana ehtiyacı ən azı Azərbaycanın Rusiyaya ehtiyacı qədərdir. Digər tərəfin sizə olan ehtiyacının sizin ona olan ehtiyacınızdan daha çox olduğunu dərk etdikdə bu, hesablamalarınıza təsir göstərir", - o deyib.
Moskvadan uzaqlaşan Yerevan isə İstanbulla əlaqələrini bərpa edir. Qarabağ münaqişəsi səbəbindən və tarixi narazılıqlara görə Türkiyə və Ermənistan arasında münasibətlər uzun müddət gərgin olub, lakin indi iki ölkə arasındakı münasibətlər yavaş-yavaş yaxşılaşır.
İyunda Ermənistan baş naziri Paşinyan Türkiyəyə səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu, ikitərəfli danışıqlara yönəlmiş ilk siyasi işgüzar səfər idi.
"Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır, çünki xarici bazarlarla əlaqəmizin çox hissəsi Gürcüstan vasitəsilə Rusiya bazarına keçir. İranla sərhədimiz açıqdır, lakin onun imkanları məhduddur. Türkiyə sərhədinin açılması Ermənistanın Avropa bazarlarına çıxışına imkan yaradar", - Mehrabyan bildirib.
Mehrabyan qeyd edib ki, Ermənistan bütün ümidlərini yalnız Türkiyəyə bağlamır, eyni zamanda ABŞ və Avropa İttifaqı ilə də əlaqələrini gücləndirir.
"Biz əməkdaşlığı gücləndirmək üçün Avropa İttifaqı və ABŞ ilə işləyirik. ABŞ ilə biz artıq strateji tərəfdaşlıq xartiyası imzalamışıq. Bilirik ki, qarşıda hələ uzun bir yol var, ancaq biz Avropa İttifaqına potensial üzvlük üçün də müvafiq qanunvericilik qəbul etmişik", - o vurğulayıb.
Yazını AzadlıqRadiosunun əməkdaşı Ülviyyə Əsədzadə hazırlayıb.